"Bakı mərhələsi üçün yeniliklər perspektivli görünür": Andrea Stella
ESTAFET/ 2023-cü ilin iki yürüşündən sonra Formula 1 çempionatının “McLaren” komandası Konstruktorlar Kubokunda son yeri tutur və xal qazanmayıb. Komandanın rəhbəri Andrea Stella mövsümün Bakıda keçiriləcək dördüncü mərhələsinə yeniliklər hazırladıqları və bu yeniliklərin xal qazanmağa kömək edəcəyi barədə söhbət açıb.
Andrea Stella deyib: “Maşının zəif tərəflərindən danışarkən, biz aerodinamik effektliliyi nəzərdə tuturuq. Lakin bu, o demək deyil ki, bolid həddən artıq ön müqavimət yaradır. Sadəcə sıxma qüvvəsinin müqavimətə nisbəti bizim düşündüyümüz kimi o qədər də effektli deyil. Bizim əsas zəifliyimiz də məhz bundadır.
Biz bolidlərin yenilənməsini Bakı mərhələsinə hazırlayırıq. Rəqəmlər çox şey vəd edir. Ümid edirəm ki, bu yeniliklər bizə beşinci yerə çıxmaq imkanı verəcək. Lakin bu, komandanın mövsüm üçün qarşıya qoyduğu məqsədlərə nail olmağa kifayət etmir. Biz bolidimizin ən yaxşı dördlükdə olmasını istəyirik”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi 28-30 aprel tarixlərində keçiriləcək.