"Düşündüklərim özünü hələlik doğrultmur": Qurban Qurbanov
ESTAFET/ “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 29-cu turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyunu (3:1) şərh edib.
O, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
“Futbolçularımı təbrik edirəm. Gərgin oyun oldu. Qələbə üçün çox əziyyət çəkdik. Ümumiyyətlə, rəqibimiz son oyunlar baxımlı futbol oynayır. Sürətli hücumlar edirlər. Müdafiədə bir neçə səhv xaric, rəqibin qarşısını ala bildik. Vacib üç xal qazandıq. “Kəpəz”ə uğurlar arzu edirəm!
Dünya futbolunda da məğlubiyyətsiz çempionluqlar yaşanır. Ötən il bir məğlubiyyətimiz olmuşdu. İstərdim ki, uduzmadan çempion olaq. Hələ məqsədə çatmamışıq. Qarşıda 7 oyun var. Hər oyun bizim üçün çox önəmlidir. Futbolda elə olur ki, düşünmədiyin oyunlarda uduzursan.
Yeni transferlərdən daha yaxşı performans gözləyirdim. Düşündüklərim özünü hələlik doğrultmur. Amma ümid edirəm ki, onlar getdikcə daha da yaxşı olacaqlar. Komandada yeni futbolçular olanda adaptasiya müddəti üçün vaxt lazım olur.
Bizdə futbola yanaşma tam fərqlidir. Əlbəttə, istərdim ki, sona qədər istəkli, yaxşı formada çıxış edək. Yorğunluğun öz təsiri olacaq. Millidə çıxış edən futbolçular daha yorğun olar. Mövsümün sonuna yaxın istirahət vaxtını gözləyirsən. Bizim işimiz elədir ki, sona qədər çalışmalısan.
Futbolçularımın xarici klublarla adının çəkilməsi normal haldır. İl ərzində bu proses gedir. İş orasındadır ki, bəzi futbolçuları əldə etmək üçün menecerlər futbolçularla əlaqəyə keçirlər. Onlar oyunçunun fikirlərini yayındırmağa çalışırlar. Futbolçularım üçün rəsmi təklif almamışıq.
Əfsuslar olsun ki, təklif məsələləri bizim işimizə mane olur. Biz yaxşı kollektiv formalaşdırmağa çalışırıq ki, oyunumuz da yaxşı alınsın. Futbolçu gedəndə də problem olur, getməyəndə də. Sürətdə, gücdə uduza bilərik, amma oyuna baxdıqda, stabilliyi qoruyub saxlaya bilmişik. Problemlər olduqda böyümək daha yaxşı olur. Xarici klublardan təkliflərin ziyanı da olur, faydası da”.