"Bizə bu gün 1 xal da kifayət edirdi": Vüqar Əsgərli

ESTAFET/ “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 29-cu turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

O, 1:1 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hər iki komanda 4-5 turdur ki, qələbəyə həsrətdir. Mübarizəli oyun alınacağını bilirdik. Sırf rəqibə görə hazırlaşmışdıq. Çünki “Turan Tovuz” evdə yaxşı müdafiə oluna bilir. Futbolçular bütün tapşırıqları yerinə yetirdilər və layiqli xalımızı qazandıq. Bundan sonrakı bütün matçlar bizim üçün final oyununa bərabər olacaq. Ard-arda ağır görüşlər olacaq, stress var. Mövsümün sonuna yaxın aşağı pillələrdə qərarlaşmaq çətindir. Bizə bu gün 1 xal da kifayət edirdi. Amma rəqibin kimliyindən asılı olmayaraq, bütün görüşlərə qələbə qazanmaq üçün çıxırıq. Çünki hər xal klubun taleyini həll edir. Düşünürəm ki, heç-heçə ədalətli idi.

Nə “Səbail”ə, nə də aşağı pillələrdə olan digər komandalara fikir veririk. Sırf öz matçımıza köklənirik. Özümüz qələbə qazanmaq istəyirik. Onların uğursuzluğuna köklənsək, özümüz uğursuzluğa düçar olarıq. Digər komandaların nəticələrinə fikir verdikdə kollektivdə stress yaranır, ab-hava korlanır. Növbəti turda “Sumqayıt”la evdə oynayacağıq. Doğma azarkeşlərimiz önündəki qarşılaşmalarda qələbə qazanmağa çalışacağıq. Məşqçilərin işi çox çətindir. Oyundan sonra həm özümüzü, həm də qarşıdakı rəqibi təhlil eləməliyik. Vaxt isə azdır. Sevinirik ki, futbolçularımız oyundan-oyuna özlərini daha yaxşı tərəfdən göstərirlər. Şamaxıda oluruq, məşqdən başqa heç bir işimiz yoxdur. Bütün oyunlara eyni formada hazırlaşırıq. Həqiqətən də, çox vacib görüşlər olacaq”.

Müəllif: Bəhruz MƏMMƏDOV