“Qırmızı vərəqə planlarımızı pozdu”

ESTAFET/ Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Bakıda Türkiyə yığmasına qarşı keçirdikləri ikinci yoxlama oyununu şərh edib.

Qolsuz bitən matçdan sonra bunları söyləyib:

“İlk oyunu təhlil edib səhvlərimiz müəyyənləşdirdik. Etiraf edək ki, birinci oyunda çox səhvlərimiz oldu. Bunun nəticəsində meydanı məğlub tərk etdik. Daha sonra ikinci oyuna hazırlaşdıq. Məqsədimiz qələbə qazanmaq idi. Təəssüf ki, ilk hissədə aldığımız qırmızı vərəqə planlarımız pozdu. 60 dəqiqədən çox azlıqda oynamağımıza baxmayaraq, sonadək mübarizə apardıq. Qələbə qazana bilməsək də, məğlub da olmadıq. Xarakter nümayiş etdirən komandama təşəkkür edirəm.

Keçirdiyimiz rəsmi oyunlardan sonra ilk təlim-məşq toplanışımız idi. Gündə iki dəfə olmaqla hazırlıq mərhələsi keçdik. Milliyə cəlb olunan bütün futbolçular çox həvəsli idilər. Növbəti toplanışlarda daha da inkişaf edəcəyimizi düşünürəm. Məqsədimiz sentyabrda keçirəcəyimiz rəsmi oyunlara hazırlaşmaqdır”.

Müəllif: Bəhruz MƏMMƏDOV