Millimizin üzvü Özbəkistanda keçirilən beynəlxalq yarışda 9-cu oldu
Özbəkistanda keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) şose velosipedi üzrə 1.2 kateqoriyalı “The Tour Oqtosh - Chorvoq - Mountain” yarışı başa çatıb. Mayın 11-də idmançılar 173 km məsafəyə qrup ötüşməsində mübarizə aparıblar.
Azərbaycanın kişilərdən ibarət Elit/U23 milli yığma komandasının iştirak etdiyi yarışa 6 ölkəni təmsil edən 10 komandanın tərkibində ümumilikdə 57 velosipedçi qatılıb.
Milli komandamızın üzvlərindən Kamran Mirzəxanov, Nəcəf Bağırov, Musa Mikayılzadə və Şahin Eyvazov əzmkarlıq göstərərək finiş xəttini ümumi pelotonun tərkibində keçiblər.
Fotofinişə əsasən, Kamran Mirzəxanov (03:45:01) 9-cu, Nəcəf Bağırov (03:45:01) 12-ci, Musa Mikayılzadə (03:45:01) 17-ci, Şahin Eyvazov (03:45:01) 23-cü yerə layiq görülüblər. K.Mirzəxanov bu nəticə ilə özünün və Azərbaycanın hesabına 3 UCI reytinq xalı qazandırıb.
Digər idmançılarımızdan Samir Cəbrayılov (03:49:43) 38-ci, Yusif İsmayılov (03:49:43) isə 39-cu yerlə kifayətləniblər. Mikayıl Səfərli və Aqşin Bağırlı yarışı başa vura bilməyiblər.
Qrup ötüşməsinin qalibi 3 saat 44 dəqiqə 10 saniyə nəticə ilə Yunanıstan milli komandasının üzvü İlias Periklis olub.
Qeyd edək ki, yarışda Azərbaycan, Qazaxıstan, Yunanıstan, Filippin, Tayland və Özbəkistanı (5 komanda) təmsil edən komandalar iştirak ediblər.