“Neftçi” yeni sponsorluq müqaviləsi imzaladı
ESTAFET/ “Neftçi” Peşəkar Futbol Klubu ilə İtaliya brendi “Errea” idman malları şirkəti arasında sponsorluq müqaviləsi bağlanıb.
Tərəflər iki illik sözləşməyə imza atıblar. Tədbirdə “ağ-qaralar”ın prezidenti Kamran Quliyev, klubun vitse-prezidenti Elnur Eyvazov, “Errea”nın ixrac sahəsi üzrə meneceri Karlo Stronati və jurnalistlər iştirak ediblər.
“Neftçi”nin prezidenti yaxın gələcəkdə başqa sponsorlarla müqavilələrin imzalanmasının gözlənildiyini bildirib:
“Bütün futbol dünyası finallar həftəsini yanaşır. Bizim də qarşıda final matçımız var. Bu dönəmdə də aktivliyimiz göz qabağındadır. Yaxın gələcəkdə başqa sponsorlarla müqavilələrin imzalanması gözlənilir. İlk dəfə peşəkar futbol klubu texniki sponsorluq müqaviləsinə imza atacaq. Komandamız əvvəllər müxtəlif geyimlərdə çıxış edirdi. Bu, bizim seçimimizə bağlı idi. Bir neçə il ərzində bizə müxtəlif şirkətlər təkliflər irəli sürdülər. Klubumuzun adına, tarixinə görə ortaq məxrəcə gələ bilmirdik. Dünyanın aparıcı istehsalçıları hələlik Azərbaycan futboluna bir o qədər maraqlı deyil. Bəzilərinin ölkəmizdə heç rəsmi nümayəndəliyi belə, yoxdur. Keçən ilin dekabr ayından bu məsələlərlə bağlı fəaliyyətimiz aktivləşib. Klubumuza çoxlu təkliflər gəlib. Bu gün buraya qonaq qismində gələn “Errea” şirkətinin nümayəndəsi hazırda Bakıdadır. Cənab Karlonu da salamlayırıq.
Biz nəyə önəm veririk? Təfərrüatlar haqda sizə məlumat verməliyəm. İlk dəfədir ki, klub futbolu tarixində əsas komandanın geyinəcəyi formalardan eyni şəkildə də akademiyanın ən aşağı yaş qruplarına qədər hamısı geyinəcək. Avropa klublarında bunu görürsüz. Nəinki oyun, eyni zamanda, məşq və bütün fəsillər üçün formalar var. Onlar “Neftçi”nin istədiyi məhsullar olacaq, təxminən 70 faizə qədəri. Biz texniki partnyor yox, texniki sponsor axtarırdıq. Müqavilənin şərtlərini də sizin üçün açıq şəkildə bildirim: 45 faizə qədər mallar bizə pulsuz veriləcək. Bu, Azərbaycan futbolunda baş verən ilk hadisədir. “Neftçi” hər zaman ilklər klubu olub. Həmin yükü üzərimizdə aparmağa çalışırıqı. “Errea” şirkətinin rəhbərliyinə, Azərbaycanla işləyən dostlarımıza təşəkkür edirəm! Media nümayəndələri, sizə minnətdaram! Bu, sadə müqavilə deyil. Çox sağ olun!”
“Errea”nın ixrac sahəsi üzrə meneceri Karlo Stronati isə “Neftçi” ilə ortaya çox yaxşı iş qoyacaqlarına inandığını bildirib:
“Hamınızı salamlayıram! Bu, çox gözəl andır. Biz rəsmi olaraq “Neftçi” ilə bağladığımız müqaviləni elan etmək üçün buradayıq. Şirkətimiz 35 ildən artıqdır ki, fəaliyyət göstərir. Bizim “Neftçi” üçün hazırladığımız geyimlərin 90 faizi xüsusi dizaynla hazırlanır. Hər bir məhsul dizayner tərəfindən hazırlanacaq. Öncə onu bildirim ki, bu, ilkin olaraq çətin iş kimi görünürdü. Nəticəsini növbəti günlərdə daha yaxşı görəcəksiz. Çox yaxşı iş ortaya qoyacağıq. “Neftçi” klubunun rəhbərliyinə, marketinq şöbəsinə minnətdarlığımı bildirirəm.
Bu qısa iş olmayacaq. Əməkdaşlığımız daha da uzunmüddətli olacaq. Geyimlər əsas komandadan tutmuş, aşağı yaş qruplarına qədər bizim tərəfimizdən təmin ediləcək. Bu, əlamətdar haldır. Biz dünyanın bir çox aparıcı klubları ilə əməkdaşlıq edirik. Eyni zamanda, İtaliyanın tanınan klubları ilə. Dünyanın digər klublarına da geyimlər hazırlamağı təklif etmişik. Bu, çox yaxşı göstəricidir”.
Xatırladaq ki, “Errea” 1988-ci ildə hazırda prezident vəzifəsini icra edən Ancelo Qandolfi tərəfindən yaradılıb. Qərargahı İtaliyanın Parma şəhərində yerləşir. “Errea” tekstil geyimlərinin zərərli kimyəvi maddələrdən azad olunmasını təmin edin “Oeko-tex” standart texnologiyasından istifadə edən ilk şirkətdir. UEFA-nın da partnyoru olan şirkət, futbolla yanaşı, digər idman növlərində də bir çox milli komanda və klublarla əməkdaşlıq edir.