Samir Cəbrayılov: "Azarkeşlərin dəstəyi mənə əlavə motivasiya verirdi"
"İlk mərhələdən qırmızı formanın sahibi olmağa çalışırdım".
Bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının geridə qalan dörd mərhələsindən sonra veloturun ən yaxşı dağ velosipedçisi adına yiyələnən Azərbaycan millisinin üzvü Samir Cəbrayılov iyunun 10-da dördüncü mərhələnin yekunu ilə bağlı keçirilən mətbuat konfransında deyib.
İdmançı qırmızı forma (ən yaxşı dağ velosipediçisinə təqdim olunur) uğrunda əsas rəqibinin Qazaxıstan təmsilçisi olduğunu bildirib: “Bu gün startdan etibarən böyük fərqlə irəli çıxmağa çalışdım. Qırmızı formaya sahib olmaq üçün çox güc sərf elədim. Azarkeşlərin dəstəyi də mənə əlavə motivasiya verirdi. Birinci dağ ara finişində ikinci oldum. Daha sonra strateji gediş etdim, ikinci ara finişdə birinci olaraq 10 xal qazandım".
Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışına iyunun 11-də yekun vurulacaq. Son mərhələdə idmançılar Beyləqandan Şuşa şəhərinə qədər 134,9 km məsafə qət edəcəklər.