At polosu üzrə 14-cü Avropa Çempionatının qrup oyunları keçirilib
Sentyabrın 3-də Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatının ilk qrup oyunları baş tutub.
Heyətində kapitan Elçin Camallı, oyunçular Tərlan Qurbanəliyev, Joaqin Kopello və Andres Ernesto Lorentonun yer aldığı millimiz ilk qrup oyununu turnirin favoritlərindən sayılan İspaniya yığmasına qarşı keçirib, 6-5 hesabı ilə qələbə qazanaraq aktivinə 1 xal yazdırıb. Gərgin mübarizədə kapitan Elçin Camallı qollardan 2-ni öz aktivinə yazdıraraq dubl edib.
Millimizin çıxış etdiyi “A” zona qrupunun digər oyununda isə İtaliya millisi İsveçrə üzərində 6-2,5 hesabla inamlı qələbə qazanıb. İlk görüşün nəticələrinə əsasən İtaliya və Azərbaycan yığmaları aktivlərində 1 xalla qrupda ilk iki, İspaniya 3-cü, İsveçrə isə 4-cü yerdə qərarlaşıb.
Təmsilçilərimiz qrupun ikinci matçını 4 sentyabr tarixində yerli vaxtla saat 14:00-da son Avropa Çempionu İtaliyaya qarşı keçirəcəklər.
Yığmamızın həlledici adlandırıla biləcək matça eyni heyətlə çıxması planlaşdırılıb.
Zona “B” qrupu oyunlarının nəticələri isə aşağıdakı kimi olmuşdur:
- Hollandiya 5-8,5 Avstriya
- İngiltərə 4-8 Almaniya.