Karate üzrə Azərbaycan çempionatına start verilib

ESTAFET/ Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunda karate üzrə Azərbaycan çempionatına start verilib.

600-ə yaxın idmançının iştirak etdiyi yarışın ilk günü böyüklər, gənclər və yeniyetmələr mübarizə aparıblar.

Para karate, kata və kumite növlərində təsnifat görüşləri yekunlaşandan sonra çempionatın rəsmi açılış mərasimi baş tutub. Dövlət himninin səsləndirilməsindən sonra şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.  Mərasimdə ilk olaraq Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev çıxış edərək iştirakçılara uğurlar arzulayıb.  Daha sonra söz Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədova verilib. Yarışın rəsmiləri arasında Federasiyanın vitse-prezidentləri Füzuli Musayev, Rəhman Hətəmov və idarə heyətinin üzvləri yer alıblar.

Açılış mərasimindən sonra ilk yarış gününün final qarşılaşmaları baş tutub. Qeyd edək ki, 50-ə yaxın komandanın iştirak etdiyi ölkə çempionatı 3 gün davam edəcək.

Müəllif: Natiq NƏSİROV