“Neftçi”nin yeni transferi sabiq komandası ilə vidalaşdı
ESTAFET/ "Neftçi" klubunun yeni transferi Emil Səfərov sabiq komandası "Qəbələ" ilə vidalaşıb.
Futbolçu sosial şəbəkə vasitəsilə bölgə təmsilçisinə və onun azarkeşlərinə vida mesajı göndərib.
21 yaşlı yarımmüdafiəçi hər şeyə görə təşəkkür edib:
"Bu illər ərzində birlikdə mənə dəstək olan, çiyin-çiyinə məşq edən komanda yoldaşlarım, texniki heyət, məşqçilər, "Red Black Army" azarkeş qrupu və klub prezidentinə təşəkkürümü bildirirəm. Allah hamımızın yolunu açıq etsin. Burdan ayrılmaq çətindir mənim üçün. İnşallah, komanda düşdüyü çətinlikdən çıxacaq. Daha güclü "Qəbələ" görəcəyik. Hər birinizə "çox sağ olun" deyirəm, gələcək karyeranızda uğurlar arzu edirəm. Görüşmək ümidi ilə".
Qeyd edək ki, “Qəbələ” klubunun yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub. Səfərov 2023-cü ildə "Qəbələ"nin heyətində Azərbaycan Kubokunun qalibi olub. O, "Neftçi" ilə 3 illik müqavilə bağlayıb.