Azərbaycan millisinin futbolçusu: Türkiyə ilə oyunda nələri bacardığımızı göstərdik
Dünənki oyunda nələri bacardığımızı hər kəsə göstərdik.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Türkiyə yığmasına 1:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə mərhələ matçı barədə danışarkən deyib.
89-cu dəqiqədə qələbə qolunun müəllifi olan 22 yaşlı müdafiəçi qarşılaşmanın onlar üçün çox yaxşı keçdiyini bildirib: "Üç xal əldə etdiyimizə görə çox sevinirik. Fərqləndiyim üçün də çox xoşbəxtəm. Düşünürəm ki, Türkiyə yığmasına qarşı səfər görüşündə (0:1) də qalib gələ bilərdik. Sadəcə, yaxaladığımız şanslardan yararlana bilmədik. Bir səhv ucbatından məğlub olduq. Bakıya qayıdandan sonra səhvlərimiz üzərində çalışdıq. Öz oyunumuzu və rəqibi təhlil etdik".
Qeyd edək ki, B Liqasının I qrupunda lider İsveçrənin 9, ikinci sıradakı Türkiyənin 6, 3-4-cü yerləri bölüşdürən Macarıstan və Azərbaycan komandalarının 4 xalı var.