Uill Smit möhtəşəm səhnə performansları ilə F1 fanatlarına unudulmaz gecə yaşatdı

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün ilk günü unudulmaz anlarla yadda qalıb. Avtoidman həvəskarları və musiqi sevənlər Crystal Hall-da baş tutan möhtəşəm gecənin şahidi oldular. Hollivudun məşhur siması, aktyor və musiqiçi Uill Smit səhnəyə çıxaraq özünəməxsus enerjisi və performansı ilə fanatları coşdurdu.

Onun səsləndirdiyi hitlər, xüsusən də 90-cı illərin musiqi sevərlərinə nostalji hislər yaşatdı. Ulduzun canlı çıxışı ilə yanaşı müasir səhnə effektlərinin yaratdığı ab-hava gecəyə xüsusi rəng qatdı.

Əyləncə Uill Smitin çıxışı ilə yekunlaşmayıb. Gecənin ikinci hissəsində elektron musiqi dünyasının ulduzu, Qremmi mükafatlı DJ Black Coffee səhnəyə çıxaraq öz fərqli üslubu ilə azarkeşləri heyran etdi. Onun təqdim etdiyi enerjidolu musiqilər tamaşaçılara ritmlərlə dolu unudulmaz bir gecə bəxş etdi.

Bu xüsusi gecə yarış həftəsonunun mükəmməl bir başlanğıcı oldu. Qeyd edək ki, mövsümün 17-ci yarışı olan Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ün final yürüşü 15 sentyabrda baş tutacaq.

Müəllif: Natiq NƏSİROV