Federasiya kollektivi qalib oxatanlarla görüşüb
Kamandan Oxatma Federasiyasının kollektivi milli komandanın baş məşqçisi Natiq Fazilov, idmançılar Fatimə Hüseynli və Məhəmmədəli Əliyevlə görüşüb.
Federasiya üzvləri ölkəmizi nüfuzlu beynəlxalq yarışlarda uğurla təmsil edən hər iki idmançını əldə etdikləri nailiyyətlərə görə təbrik edib, onlara gələcəkdə daha böyük uğurlar arzulayıb.
Qeyd edək ki, F.Hüseynli və M.Əliyev qısa idman karyeraları dövründə yerli və beynəlxalq əhəmiyyətli yarışlarda bir çox uğurlara imza atıblar.
Üç ildir oxatma idman növü ilə məşğul olan 17 yaşlı Fatimə Hüseynli müxtəlif illərdə keçirilən yarışlarda 14 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıb. O, bu ilin aprel ayında gənclərarası Avropa Kubokunda qazandığı ikinciliklə Avropadan Azərbaycana ilk medal gətirən idmançıdır. F.Hüseynli avqustun 23-25-də keçirilən ölkə çempionatında da mükafatçılar sırasında yer alıb.
Milli komandanın digər üzvü Məhəmmədəli Əliyev də oxatma idman növündə yüksək bacarığı və peşəkarlığı sayəsində qısa zamanda böyük nüfuz qazanmağa müvəffəq olub. Yerli yarışlarda mübarizəyə qoşulan gənc idmançı bugünədək əldə etdiyi bir çox nailiyyətlərlə ölkənin ən güclü oxatanları sırasına qoşula bilib. Dördqat respublika çempionu olan M.Əliyev həmçinin Antalyada baş tutan Dünya Kuboku yarışlarında 661 xalla Azərbaycan rekordunu təzələyib.
M.Əliyev və həmkarı F.Hüseynli Gürcüstan və Tacikistanda keçirilən beynəlxalq turnirlərdə də milli komandaya uğur gətiriblər. Belə ki, təmsilçilərimiz komanda yarışlarında müvafiq olaraq gümüş və bürünc medala yiyələnməklə dünya oxatanları arasında reytinq qazana biliblər.