Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatına start verilib
![](https://estafet.az/uploads/news/2025-02/_estafetaz_bfb8973ff1de9a7abac71c88e_o.jpg)
Bu gün Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatına start verilib.
Bakı İdman Sarayında təşkil olunan turnirin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin nümayəndəsi Aydın Məmmədov oxatma ənənəsinin tarixi kökümüzlə bağlılığına diqqət çəkərək, bu idman növünün inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Bugünkü çempionatın yüksək səviyyədə təşkil olunmasından danışan A.Məmmədov yarışın iştirakçıların gələcək karyeralarında xüsusi önəm daşıdığını qeyd edib.
Turnirin milli komandanın formalaşması baxımından əhəmiyyətindən bəhs edən Azərbaycan Kamandan Oxatma Federasiyasının vitse-prezidenti Rauf Əliyev Federasiyanın bu istiqamətdə idmançılara hər cür dəstək verdiyini bildirib. Kamandan oxatmaya ildən-ilə daha çox insanın maraq göstərdiyini deyən R.Əliyev xüsusən yarışa yeni qoşulan iştirakçılardan böyük nəticələr gözlədiyini dilə gətirib.
Rəsmi çıxışlardan sonra çempionat açıq elan olunub və idmançılar sıralama atışları ilə mübarizəyə başlayıblar.
Xatırladaq ki, turnirə Azərbaycanın müxtəlif bölgələrdən olan 60-a yaxın idmançı qatılıb. Kişi və qadın oxatanlar üç yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alırlar.
Çempionata fevralın 7-də yekun vurulacaq.
![](https://estafet.az/img/foto200x133.png)