Örtülü salonda Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı keçiriləcək

5-7 fevral tarixlərində Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı keçiriləcək. Yarışlarda müxtəlif bölgələrimizi təmsil edən 60-a yaxın idmançı mübarizəyə qoşulacaq. Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyası üzrə (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alacaqlar.

Turnirin proqramına əsasən, fevralın 5-də məşq sessiyaları və sıralama atışları baş tutacaq. Ayın 6-da çempionata start veriləcək və oxatanlar mübarizəyə başlayacaqlar. Nəhayət, 1/4 final mərhələsindən finala qədər davam edəcək yarışa fevralın 7-də yekun vurularaq qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.

Üç gün davam edəcək turnirin açılış mərasimi 6 fevral saat 10:00-da Neftçilər prospekti, 26a ünvanında yerləşən Bakı İdman Sarayında (Dənizkənarı Milli Park) baş tutacaq. Giriş sərbəstdir.

Bu çempionat ölkənin ən sərrast oxçularını müəyyən etməklə yanaşı, həmçinin qədim ənənələri ilə diqqət çəkən oxatma sənətinin inkişafına təkan verəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV