QOL GÜLƏŞİ ÜZRƏ DÜNYA ÇEMPİONATI BAŞA ÇATIB
ESTAFET/ Budapeştdə (Macarıstan) qol güləşi üzrə 39-cü Dünya çempionatı başa çatıb. Azərbaycanın milli komandası yarışda 8 idmançı və bir məşqçi olmaqla, 9 nəfərlik heyətlə təmsil olunub. İdmançılarımızın çempionatda çıxışları uğurlu alınıb.
Azərbaycan idmançıları yığma komandanın aktivinə 6 qızıl və 2 gümüş olmaqla, ümumilikdə 8 medal qazandırıblar.
Yarışda Azərbaycanı təmsil edən idmançılarımızdan 21 yaş kateqoriyasında Ramazan Rüstəmov (65 kq) iki qızıl (sağ və sol qolda) və Nemət Vəkilov (60 kq) qızıl (sol qol) medal qazanıblar. İsgəndər Mustafayev (55 kq) 18 yaş kateqoriyasında qızıl (sağ qol) və gümüş medala (sol qol) sahib olub.
Rahib Balakişiyev (60 kq) paralimpiyaçıların mübarizəsində qızıl (sağ qol) və gümüş (sol qol) medal qazanıb.
Minabəddin Qurbanov (100 kq-dan yuxarı) "Senior Grand Master" kateqoriyasında qızıl (sol qol) medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.