Bakıda keçirilən Dünya Kubokunda Azərbaycan gimnastı qızıl medal qazandı

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan gimnastı Nikita Simonov uğurla çıxış edərək qızıl medal qazanıb.

innews.media xəbər verir ki, gimnastımız çıxışına görə 14,233 xal toplayaraq birinci yerə yüksəlib.

Hazırda Milli Gimnastika Arenasında davam edən Dünya Kubokunda kişilər arasında ölkəmizi Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında isə Dəniz Əliyeva (4 alətin hər birində) təmsil edirlər.

Dörd günlük yarışların yekununda, ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy" kuboku təqdim ediləcək.

Qeyd edək ki, Dünya Kuboku martın 9-da başa çatacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV