Azərbaycan futzal millisinin baş məşqçisi: "Yunanıstanla oyuna hazırıq, məqsədimiz qələbədir"

Azərbaycan futzal millisinin baş məşqçisi Yunanıstanla qarşıdakı oyun öncəsi komandanın hazırlıq vəziyyəti barədə fikirlərini bölüşüb.
"Afinada iki məşq keçirdik. Demək olar, oyuna hazırıq. Düzdür, heyətimizdə yüngül zədəli - Kamran Hacıyev, Nihad İsmayılov və Murad Quluzadə kimi futzalçılar var. Amma onlar oynayacaq durumdadırlar. Əsasən standart vəziyyətlər, taktiki-texniki tapşırıqlar üzərində işlədik. Çalışdıq ki, uşaqları çox yormayaq. Çünki yol da qət etmişik. Həm də "4-lük"ləri müəyyənləşdirdik.
Meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Bu görüş tək bizim yox, rəqib üçün də finala bərabər olacaq. Gərgin oyun gözləyir bizi.
Yunanıstan millisi 4 gün əvvəl Xorvatiya ilə qarşılaşıb. Həmin oyunu izləmişik. Onlar bizə qarşı eyni oyun üslubunda çıxış etməyəcəklər. Xorvatlarla görüşdə müdafiədən oynadılar, qapıçıları da yaxşı dayandı. Bu dəfə isə pressinq edəcəklər. Yenə deyirəm, doğma meydanda oynayırlar, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər. Məqsəd eynidir. Ümid edirəm ki, səfərdən 3 xalla dönəcəyik".
Qeyd edək ki, Azərbaycan millisi Yunanıstanla qarşılaşmada qələbə qazanaraq turnirdə mövqeyini möhkəmləndirməyi hədəfləyir.
