Lyuis Həmilton: "Ferrari bolidi daha əvvəl sürdüyüm maşınlardan fərqlidir"

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, liderlə arasında bu qədər fərq olacağını gözləmirmiş.

Britaniyalı sürücü Ferrari ilə çıxdığı ilk sıralanma turunda lider Lando Norrisdən 0.8 saniyə geridə qalıb və səkkizinci yeri tutub. Yeddiqat Dünya Çempionu komanda yoldaşı Şarl Leklerdən isə 0.2 saniyə geridə qalıb.

Lyuis Həmilton: “Ümumilikdə özümü yaxşı hiss edirəm. Bu gün doğrudan da həzz aldım. Bu həftəsonu hər şey mənim üçün ilk idi. Ferrari ilə ilk sərbəst yürüşlərim, ilk sıralanma turum… Ancaq bolidə öyrəşmək üçün doğrudan da çox işlədik. Daha əvvəl sürdüyüm maşınlardan fərqlidir, amma proses çoc maraqlı keçdi.

Amma liderdən 0.8 saniyə geridə olmağı gözləmirdim. Bunu təhlil etməliyik”.

Lyuis Həmilton sıralanma turunda komanda yoldaşı Şarl Leklerdən 0.2 saniyə geridə qalıb. O, bu barədə belə deyib: “Şarl 7 ildir ki, bu komandada yarışır və bolidi çox yaxşı tanıyır”.

(Kokpit.az)

Müəllif: Natiq NƏSİROV