Kişi voleybolçuların Yüksək Liqasında finalçılar bəlli olub

Bu gün GİN-in Voleybol Mərkəzində yarimfinal mərhələsinin son oyunları keçirilib. Günün birinci qarşılaşmasında “Xilasedici” və “AZERRAIL” üz-üzə gəliblər. Gərginliyi ilə yadda qalan oyun “Xilasedici”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cütün ilk matçında “AZERRAIL” 3:0 hesabı ilə qalib gəldiyindən xallar bərabərləşib və Qızıl setə ehtiyac yaranıb. Qızıl setdə 15:13 hesabı ilə qələbə qazanan “AZERRAIL” finala yüksələn ilk komanda olub.
Növbəti görüş “Neftçi” və “Murov Az Terminal” klubları arasında baş tutub. “Murov Az Terminal” ilk oyunda olduğu kimi bu görüşdə də 3:0 hesabı ilə qələbə qazanıb və adını finala yazdırıb.
Beləliklə, kişilərin mübarizəsində üçüncü yer uğrunda “Neftçi” və “Xilasedici” komandaları, finalda isə “AZERRAIL” və “Murov Az Terminal” komandaları üz-üzə gələcəklər.
Yarımfinal (ikinci oyunlar)
18 aprel
“Xilasedici” - “AZERRAIL” 3:1 (24:26, 25:20, 30:28, 25:22) Qızıl set (13:15)
“Neftçi” - “Murov Az Terminal” 0:3 (19:25, 18:25, 14:25)
