Bakıda ekstremal axşam: Terri Qrant və komandası unudulmaz Stunt Show nümayiş etdirdi

Bakının axşam səmasında mühərriklərin uğultusu və adrenalin dolu tryuklar bir araya gəldi. Şəhərin mərkəzində keçirilən Drift-şou və Stunt Show proqramı avtomobil və motosiklet həvəskarlarına əsl adrenalin yaşatdı. Proqram çərçivəsində ekstremal hərəkətlər, yandırılmış təkərlər, təhlükəli döngələr və yüksək sürətlə icra olunan tryuklar izləyiciləri valeh etdi.
Şounun əsas ulduzları sırasında dünya üzrə 20-dən çox rekordun sahibi olan britaniyalı avtokaskadyor Terri Qrant, Böyük Britaniyanın çoxqat freestyle çempionu, motokaskadyor Li Bauers və İrlandiyadan olan peşəkar drift pilotu Neyl Qan olub.
Azərbaycanlı stuntçı tədbirdən sonra təəssüratlarını bizimlə bölüşdü:
“Biz Terri Qrant ilə birlikdə dünyanın bir çox ölkəsini gəzərək avtomobil və motosikletlə müxtəlif tryuklar nümayiş etdiririk. Mən həm solo motosiklet stuntları edirəm, həm də bəzi tədbirlərdə avtomobil şoularında çıxış edirəm. Bu dəfə isə motosiklet və avtomobil tryuklarını birləşdirərək daha həyəcanlı və təhlükəli bir atmosfer yaratdıq. Görünür, izləyicilər avtomobili də, motosikleti də birlikdə görməyi çox sevirlər.”
O, tədbirin son anda planlaşdırılmasına baxmayaraq uğurla baş tutduğunu qeyd edib:
“Əslində bu çıxış son dəqiqədə planlaşdırıldı. Amma xoşbəxtlikdən motosikletimiz hazır idi və bu gözəl şəhərdə gözəl insanlar üçün çıxış etmək imkanı əldə etdik.”
Stuntçının sözlərinə görə, Bakı auditoriyası onun gözləntilərini tamamilə aşıb:
“Hava çox yaxşı idi, izdiham isə gözlədiyimdən də möhtəşəm idi. Açığı, daha yaxşısını istəyə bilməzdim. İnanılmaz bir atmosfer var idi və hər kəs çox enerjili idi.”
Gecənin sonunda isə o, tamaşaçılara və təşkilatçılara təşəkkür etməyi unutmayıb:
“Bizimlə olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Ümid edirəm, bu tip tədbirləri Azərbaycanda daha tez-tez görəcəyik.”
