Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı yekunlaşdı

Bu gün Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatının final mərhələsi keçirilib. Yarışlarda müxtəlif yaş kateqoriyalarında qaliblər müəyyənləşib, mükafatlandırma mərasimində medallar təqdim olunub.

Fərqlənən yeniyetmələrdən qızlar arasında Rüstəmli Sona qızıl, Məmmədli Leyla gümüş, Əhədzadə Banu isə bürünc medala sahib olub. Oğlanlardan isə Məhəmməd İsmayılov qızıl, Məhərrəmov Hüseyn gümüş, Novruzov Cəmil bürünc medalla təltif ediliblər. Qaliblərə medalları Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.

Gənclər arasında keçirilən mübarizədə qızlardan Bədəlli Sümeyyə qızıl, Qurbanlı Yağmur gümüş, Zəhra Çarçılı isə bürünc medal qazanıb. Oğlanlar arasında isə qızıl medala Vəliyev Sərdar, gümüşə Rəhimli Nurlan, bürüncə isə Balakişiyev Muhamməd layiq görülüb. Onları Federasiyanın vitse-prezidenti Rauf Əliyev və İdarə Heyətinin üzvü Sümbül Turabova mükafatlandırıblar.

Böyüklər arasında yarışın qalibləri də maraqla qarşılanıb. Kişi yarışçılardan qızıl medalın sahibi Venqerov Roman, gümüşün sahibi Əliyev Məhəmmədəli, bürüncün sahibi isə Anar Cavadzadə olub. Qadınlar arasında isə qızıl medal Yaylagül Ramazanovaya, gümüş medal Simonova Svetlanaya, bürünc medal isə Hüseynli Fatiməyə təqdim olunub. Mükafatları qaliblərə Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev və gənclər və idman naziri Fərid Qayıbov təqdim ediblər.

Azərbaycan Kamandan Oxatma Federasiyası olaraq bütün qalibləri səmimi qəlbdən təbrik edir, idmançılara gələcək yarışlarda uğurlar arzulayırıq.

Müəllif: Bəhruz MƏMMƏDOV