Bakı “Formula 1” arenaya çevrilir - hazırlıq işləri başa çatdı - VİDEO

2025-ci il 19–21 sentyabr tarixlərində Bakının küçələri yenidən möhtəşəm sürət festivalına – Formula 1 Qatar Airways Azerbaijan Grand Prix 2025-ə ev sahibliyi edəcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Mətbuat Xidmətindən verilən məlumata görə, yarışlara hazırlıq prosesi artıq yekunlaşıb. Tikinti və təşkilati işlər barədə hazırlanmış xüsusi video ictimaiyyətin diqqətinə təqdim olunub.
Videoda paytaxt küçələrində aparılan infrastruktur yenilənməsi, tribunaların qurulması və təhlükəsizlik baryerlərinin yerləşdirilməsi prosesi əks olunub. Bununla yanaşı, sürücülər və tamaşaçılar üçün tam təhlükəsiz və komfortlu şərait yaradılması məqsədilə görülən tədbirlərə də geniş yer verilib.
Hazırlanan material Bakı sakinlərinə və “Formula 1” azarkeşlərinə yarış həftəsonunun gətirəcəyi həyəcan və coşqunu hiss etdirməyi hədəfləyir.
Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan Qran-Prisi 2025-ci ilin ən gözlənilən idman tədbirlərindən biri hesab olunur və hazırlıq mərhələləri ictimaiyyətə mütəmadi olaraq çatdırılır.
