Azərbaycan Karate Federasiyasının baş katibi Qabil Sayadovun III MDB Oyunları ilə bağlı müsahibəsi

– Milli komanda hazırda harada və necə hazırlıq keçir?
Hazırda milli komanda Qusar rayonunda təlim-məşq toplanışındadır. AKF-in vitse-prezidenti Rəhman Hətəmovun və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında çox gərgin, eyni zamanda planlı məşqlər aparılır. Burada həm fiziki dözümlülük, həm də texniki elementlər üzərində ciddi şəkildə işlənilir.
– İdmançılarımızın hazırkı forması barədə nə deyə bilərsiniz?
Komandanın əhval-ruhiyyəsi yüksəkdir. Hər bir karateçimiz üzərinə düşən məsuliyyətin fərqindədir. Gənclərin motivasiyası, böyüklərin isə təcrübəsi bir-birini tamamlayır. Bu balans bizə oyunlarda güclü çıxış imkanı verir.
– III MDB Oyunlarında əsas hədəf nədir?
Əsas məqsədimiz uğurlu nəticə göstərməkdir. Biz yalnız iştirak üçün getmirik. Karate üzrə milli komandanın qarşısında həm fərdi, həm də komanda medal hədəfləri qoyulub. İnanırıq ki, bu hədəflərə çata biləcəyik.
– Əsas rəqiblər kimlərdir və onlara qarşı hazırlıq necə gedir?
Təbii ki, MDB ölkələri arasında karate idmanında çox güclü məktəblər var. Xüsusilə Rusiya, Qazaxıstan və Belarus idmançıları ilə gərgin mübarizə gözlənilir. Biz rəqiblərin üslubunu analiz edirik və taktik hazırlıq üzərində də işləyirik.
– Bu oyunların Azərbaycan karate idmanına təsiri nə ola bilər?
MDB Oyunları həm təcrübə, həm də nüfuz baxımından böyük əhəmiyyət daşıyır. Bu yarışda uğurlu çıxış gələcək dünya və Avropa çempionatları üçün güclü stimul olacaq. Eyni zamanda gənc idmançılarımız beynəlxalq arenada özlərini göstərmək imkanı əldə edirlər.
