"Bu gün futbolçularımdan istəmişdim ki...": Ayxan Abbasov

ESTAFET/ “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 8-ci turu çərçivəsində səfərdə "Qəbələ"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
O, 1:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
“Çətin oyun idi. Mühüm qələbə qazandıq. Bilirik ki, "Qəbələ" turnir cədvəlində bizdən aşağı pillədə olsa da, yaxşı futbol oynayır, yaxşı mübarizə aparır. Uduzduqları oyunlarda da pis təsir bağışlamamışdılar. Gərgin oyun oldu, bunu gözləyirdik. Birinci hissədə 2-3 real qol epizodumuz var idi. Onları istifadə etsəydik, sonluq bu qədər gərgin olmazdı. Ancaq bundan əvvəlki matçlarda etdiyimiz səhvləri bu oyunda təkrarlamadıq. Bu gün futbolçularımdan istəmişdim ki, 2-ci hissə nəticəyə oynayaq və səhvləri təkrarlamayaq. Fasilə olacaq, zədəlilərimiz də var. Çətindir. Onlar da düşərgəyə qayıdanda, daha rahat olacaq. Azarkeşlərimizi təbrik edirəm.
Fasilə dönəmi ilə bağlı planlarımız var. Turun son görüşünü biz oynadıq, növbəti tura da ilk olaraq biz başlayırıq. Ötən dəfəki fasilədən fərqli olaraq, bu dəfə vaxtımız azdır. Bu da yaxşıdır, futbolçularımız tonusda olacaq. Beş futbolçumuz U-21 yığmasında olacaq. Məşqlərimiz eyni səviyyədə davam edəcək”.
