AKF rəsmisi: “Azərbaycan karateçiləri yeni mərhələyə qədəm qoyur”

Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, mətbuat xidmətinin rəhbəri Vüsal Abdullazadə ilə müsahibə
– Vüsal müəllim, Azərbaycan karateçilərinin III MDB Oyunlarındakı çıxışı böyük maraq doğurdu. Ümumilikdə bu nəticəni necə qiymətləndirirsiniz?
– Bu, təkcə idman uğuru deyil, illərlə formalaşan sistemli işin, dövlətin idmana göstərdiyi diqqətin və federasiyanın məqsədyönlü fəaliyyətinin nəticəsidir. Mingəçevir “Kür” Olimpiya Mərkəzində keçirilən yarışlarda milli komandamız 16 medal (6 qızıl, 3 gümüş, 7 bürünc) qazanaraq lider federasiyalar sırasında yer aldı.
Bu, Azərbaycan karate məktəbinin gücünü və peşəkarlıq səviyyəsini bir daha təsdiqlədi.
– Bu uğurun arxasında hansı əsas amillər dayanır?
– Ən böyük amil dövlət qayğısı və federasiya rəhbərliyinin düzgün strategiyasıdır. Federasiyanın prezidenti Ülvi Quliyevin rəhbərliyi altında həm idmançıların hazırlığı, həm də yarışlara təşkilati baxımdan yüksək səviyyədə yanaşılır.
Məşqçi heyətimiz: Kişilər üzrə baş məşqçi Şahin Atamov, kata üzrə baş məşqçi Vahid Ayvazov, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov çox səmərəli iş aparıblar. Onların peşəkarlığı və fədakarlığı komandanın inamlı çıxışına zəmin yaradıb.
– MDB Oyunlarına hazırlıq prosesi necə təşkil olunmuşdu?
– Yarışlardan öncə iki mühüm təlim-məşq toplanışı keçirildi: biri Türkiyənin Mərmərə bölgəsində, digəri isə Qusar rayonunda. Bu toplanışlarda həm fiziki, həm taktiki, həm də psixoloji hazırlığa xüsusi diqqət ayrıldı.
Bu proseslər nəticəsində komanda yarışlara tam formalaşmış və hazır vəziyyətdə çıxdı.
– Qarşıda komandanı hansı beynəlxalq yarışlar gözləyir?
– Hazırda çox intensiv dövrə daxil olmuşuq. Ən yaxın mərhələdə Fransada keçiriləcək dünya çempionatına lisenziya qazandıran kvalifikasiya yarışlarında iştirak edəcəyik. Ardınca İslam Həmrəyliyi Oyunları, daha sonra isə lisenziyalı idmançıların dünya çempionatı gəlir.
Bundan əlavə, noyabrın 7-10-u tarixlərində yeniyetmə və gənclər arasında ölkə birinciliyi keçiriləcək. Həmin yarış nəticəsində formalaşacaq komanda 2026-cı ilin fevralında Avropa çempionatında Azərbaycanı təmsil edəcək.
– Milli komandada gəncləşmə prosesi müşahidə olunur. Bu, planlı siyasətdirmi?
– Bəli, tam şəkildə planlı prosesdir. Hazırda milli komandamızda yeni nəsil karateçilər yetişir. Bu, karatenin gələcəyi üçün vacib mərhələdir. Biz anlayırıq ki, nəticə qazanmaq zaman tələb edir.
Yaş kateqoriyası dəyişdikcə məsuliyyət də artır. Amma bu dəyişikliklər idmançıların daha yetkin və rəqabətədavamlı olmasını təmin edir. Təcrübə qazandıqca onlar beynəlxalq arenada da daha inamlı çıxış edəcəklər.
– Federasiya rəhbərliyi və məşqçilər korpusu üçün bu nəticələr hansı mesajı verir?
– Bu nəticələr göstərir ki, biz doğru yoldayıq. Ülvi Quliyevin rəhbərliyi ilə federasiyada formalaşan idarəetmə modeli artıq öz bəhrəsini verir. Biz yalnız nəticəyə deyil, həm də idmançılarımızın şəxsiyyət kimi yetişməsinə önəm veririk.
Karate idman növü eyni zamanda nizam, hörmət və milli ruhun məktəbidir. Biz çalışırıq ki, bu dəyərlər yeni nəsildə daha güclü formalaşsın.
– Sonda, bu uğurların davamlılığı üçün hansı hədəflər müəyyən olunub?
– Əsas hədəf karatenin ölkəmizdə daha geniş yayılması və beynəlxalq səviyyədə Azərbaycan adının daha yüksəkdə ucaldılmasıdır.
Federasiya olaraq çalışırıq ki, hər bir uğur dövlətimizin idman siyasətinə töhfə versin. Gənclərimizə nümunə olmaq, onların idmana marağını artırmaq və yeni çempionlar yetişdirmək bizim borcumuzdur.
Əminik ki, dövlətimizin dəstəyi, federasiyanın planlı fəaliyyəti və idmançılarımızın əzmi sayəsində qarşıdakı illərdə daha böyük uğurlara imza atacağıq.
