İDMAN JURNALİSTLƏRİ ÜÇÜN NÖVBƏTİ PRAKTİKİ TƏLİM

ESTAFET/ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli idman jurnalistləri üçün Formula 1 ilə əlaqədar "Sürətin nəbzini tut - 2" adlı ikigünlük praktiki təlim keçirəcək.

 

13-14 dekabr 2017-ci il tarixlərində baş tutacaq təlim Formula 1 yarışlarını Sky Sports və BeIN Sports kanallarında işıqlandırmış britaniyalı jurnalist və peşəkar avtoidman şərhçisi Kristofer Medland, beynəlxalq təcrübəyə malik multimedia mütəxəssisi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) İdman Jurnalistikası Proqramının rəhbəri Dan Mason tərəfindən tədris olunacaq.

 

Təlimin keçirilməsində əsas məqsəd yerli idman jurnalistlərinin avtoidman sahəsində ixtisaslaşmış peşəkar xarici mütəxəssislərin təcrübəsindən faydalanmasını təmin etməkdir. Bu təlim zamanı iştirakçılar Formula 1 aləmi və onun ətrafında baş verənlər haqqında müxtəlif istiqamətlər üzrə xəbər hazırlamağa dair praktiki biliklər alacaq və qazanılmış yeni biliklər Multimedia Layihəsi çərçivəsində fərdi şəkildə sınaqdan keçiriləcək.