Rəhimova ilk məğlubiyyətini aldı

ESTAFET/ Qadın voleybolçular arasında Türkiyə çempionatında (Sultanlar Liqası) 9-cu turun oyunları keçirilib. Türkiyədə legioner həyatı yaşayan voleybolçularımız komandaları ilə növbəti oyunlarına çıxıblar.

 

Yana Kulanın komandası "Bəyikdüzü" güclü "Qalatasaray" səfərində set qazanmadan məğlub olub - 0:3 (23:25, 18:25, 25:27). Yana özü isə 17 xalla oyunun ən məhsuldar oyunçusu olub. 


Millimizin kapitanı Odina Bayramova da məğlubiyyətə üzülüb. Onun komandası "Seramiksan" səfərdə "Eczaçıbaşı"ya məğlub olub - 0:3 (24:26, 19:25 və 12:25). Bayramova oyunda 10 xal toplamağı bacarıb.

 

Polina Rəhimovanın komandası "Fənərbaxça" çempionatda ilk məğlubiyyətini alıb və bununla da Liqada məğlubiyyətsiz komanda qalmayıb. Buna isə "Vakıfbank" səbəb olub. 1:3 hesabi ilə bitən oyunda Rəhimova aktivinə cəmi 4 xal yazdıra bilib. 

Digər milli voleybolçumuz Marqarita Əzizovanın komandası "Beşiktaş" da digər təmsilçilərimizin komandaları kimi səfərdə oynayıb və məğlubiyyətlə barışmalı olub. "Çanaqqala"nın 3:2 (27:25, 20:25, 21:25, 25:20, 16:14) hesabı ilə qalib gəldiyi oyunda Əzizova 5 xal qazana bilib. 

9 turdan sonra turnir cədvəlində "Fənərbaxça" 23 xalla ikinci, "Beşiktaş" 12 xalla 7-ci, "Seramiksan" 10 xalla 9-cu, "Bəylikdüzü" isə 7 xalla 11-ci pillədə qərarlaşıblar.