Dünya Kubokunun açılış mərasimi keçirildi

ESTAFET/ Bu gün paytaxtımızda start götürən idman gimnastikası üzrə növbəti Dünya Kubokunun açılış mərasimi keçirilib.

 

İlk olaraq, tədbirdə açılış sözü ilə çıxış edən Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev iştirakçıları salamlayaraq, bu gün ölkəmizdə idmançılar üçün yaradılmış beynəlxalq standartlara cavab verən şəraitdən danışıb. Azərbaycanda bir çox irimiqyaslı yarışların təşkil olunduğunu qeyd edən Y. Məmmədəliyev, bütün bunların həyata keçirilən uğurlu gənclər və idman siyasətinin nəticəsi olduğunu vurğulayıb.

 

Rəsmi hissə bitdikdən sonra izləyicilərə “Gimnastika – gələcəyin səsi” adlı kompoziya təqdim olunub. Gənc ifaçı, adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil olan 12 yaşlı Fidan Hüseynzadə tamaşaçılarla bərabər Dövlət Himnimizi səsləndirərək, bədii hissəyə giriş edib. Ardınca isə meydança azyaşlı gimnastların ixtiyarına verilib. Maraqlı şou proqramla izləyicilərin qarşısına çıxan 130-dan çox gimnast öz bacarıqlarını sərgiləyərək, açılış mərasiminə yekun vurublar. 

Müəllif: Natiq NƏSİROV