Azərbaycan Qran Prisində 94 min tamaşaçı iştirak edib

ESTAFET/ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) məlumatına görə, paytaxt Bakıda sayca 3-cü dəfə keçirilən Formula 1 yarışında və həmçinin axşam konsertlərində ümumilikdə 94 min tamaşaçı iştirak edib.


Formula 1-in ən sürətli şəhər halqasında baş tutan ötən ilki yarışla müqayisədə bu il ümumi tamaşaçı iştirakında 31%, bilet satışında isə 21% artım qeydə alınıb. Bu il satılan biletlərin 77%-i yerli azarkeşlərin payına düşür.


Formula 1 Dünya Çempionatının 4-cü yarışında iştirak etmək üçün Bakıya gələn əcnəbi azarkeşlərin sayı ötən illə müqayisədə 31% artıb. Mövsümün gözlənilməzliklərlə və həyəcanverici anlarla dolu yarışına şahid olmaq üçün dünyanın 78 ölkəsindən avtoidman həvəskarları Bakıya təşrif buyurublar. Ümumi bilet satışının təxminən dörddə biri əcnəbi tamaşaçıların payına düşür.


Bakı Şəhər Halqasında üçüncü dəfə baş tutan yarış azarkeşlərin etimadını doğrulda bilib. Belə ki, həm yarışı yerində canlı, həm də bütün dünyada tele-yayım vasitəsilə izləyən milyonlarla tamaşaçı uzun müddət yaddaşlardan silinməyəcək mübarizənin şahidi olublar. 

Müəllif: Natiq NƏSİROV