Milli Qəhrəman Albert Aqarunovun xatirə turniri keçiriləcək

ESTAFET/ 22-24 iyun tarixlərində Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə həsr olunmuş Qaradəniz və Xəzəryanı ölkələrinin idmançıları arasında çempionat keçiriləcək.

 

"Sərhədçi" Olimpiya İdman Mərkəzində yarışda 10-dək ölkədən karateçilərin iştirakı gözlənilir. Xatirə turniri üç gün ərzində müxtəlif çəkilərdə 6 yaşlı uşaqlardan veteran idmançılaradək çıxışları əhatə edəcək.

 

A.Aqarunovun şəhid olduğu 8 may tarixində onun döyüş yoldaşları Şəhidlər Xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət edib, xatirələrini bölüşüblər. Xatirə yarışının həmtəşkilatçısı Azərbaycan Milli Karate Federasiyasını tədbirdə Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov və "Arpaçay" Karate klubunun prezidenti Yavər Hüseynov təmsil edib.

 

Ziyarət mərasimi üçün İsraildən təşrif buyuran şəhidin qardaşı Rantik Aqarunov və yəhudi icmasının nümayəndələri, həmçinin Albert Aqarunovun döyüş yoldaşları, onun xatirəsini yad etmək məqsədi ilə təşkil olunan turnirə görə Azərbaycan Gənclər və İdman nazirliyinə, eləcə də Azərbaycan Milli Karate Federasiyasına minnətdarlıq bildirib.

 

Milli Qəhrəmanın məzarı üstündə çıxışlarda, belə tədbirlərin Azərbaycanla İsrail arasında dostluq münasibətlərinə bariz nümunə olduğu xüsusi qeyd edilib.  

Müəllif: Natiq NƏSİROV