Gənc karateçilər ilk liqa turnirində
ESTAFET/ Karateçilər Bolqarıstanın paytaxtı Sofiyada nüfuzlu turnirə yollanıb. Milli komandanın üzvləri Dünya Karate Federasiyasının (WKF) Gənclər arasında ilk liqa turnirində iştirak edəcək. 28 may tarixinədək davam edəcək yarış həm də oktyabrda Argentinada Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıracaq.
Gənclərdən ibarət milli komandanın baş məşqçisi Anar Allahverdiyev, eləcə də kişilərdən ibarət milli komandanın baş məşqçisi Şahin Xudaverdiyev məsul yarışda 10 idmançını sınaqdan çıxaracaq.
Elmir və Elnur Aşurov qardaşlarından (müvafiq olaraq -55 kq və -61 kq çəki dərəclərində) başqa Xəqan Həsənov (-55 kq), Tural Yaqubov (-68 kq), Məhəmməd Məmmədov və Bəxtiyar Rzayev (hər ikisi -68 kq), Amil Bünyadzadə və Musa Sarıyev (ikisi də +76 kq), həmçinin Mədinə Sadıqova (-48 kq) və Polina Hurenko (-53 kq) olimpiya lisenziya xalları uğrunda mübarizə aparacaq.
Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov turniri idarə edənlər arasında olacaq.