"Daha keyfiyyətli futbolçuları cəlb etməyə hazır deyilik": Aftandil Hacıyev

ESTAFET/ "Səbail"in baş məşqçisi Aftandil Hacıyev "Sabah"la "Əlincə Arena"da qolsuz bərabərliklə nəticələnən yoxlama oyunundan sonra Sport24.az-a müsahibə verib. Gənc mütəxəssis bir sıra məqamlara aydınlıq gətirib. Müsahibəni təqdim edirik. 

 

- Yoxlama oyunlarında nəticə önəmli olmasa da, hər halda, komandanızın oyununu gördünüz. Razı qaldığınız və narazı olduğunuz məqamlar hansılardı?

- Ümumiyyətlə, “Səbail” yeni komandadı, biz özümüz də burda yeniyik, bir çox futbolçular da. Sadəcə, rəhbərlik dəyişməyib. Çox dəyişikliklər olub və bir yerdə bu qədər dəyişiklik olanda, qısa müddətdə keyfiyyət əldə etmək çətindi. Olsa da, hesab edirəm ki, bu, stabil ola bilməz. Bir müddət olur, sonradan həmin çətinlik üzə çıxır. Biz də çalışırıq ki, komandanın çatışmayan cəhətlərini qaydasına qoyaq. Bu problemlər də oyundan-oyuna həll oluna bilər. Bu gün elə futbolçular var idi ki, komanda ilə ilk matçlarına çıxırdılar. Digərləri də yoxlama qarşılaşmalarında oynayıblar. Bizi üzən o oldu ki, futbolçularımız zədələndi. Oyunda yaxşı cəhətlər oldu, görmək istədiklərimi müşahidə etdim. Qısa müddətdə istədiklərimi görə bilmək məni sevindirir. Amma yenə deyirəm, görəcəyimiz işlər çoxdu. Qarşıda bizi çətin çempionat oyunları gözləyir. İlk 3 oyunumuzu avrokuboklar təmsilçilərimizə - "Qəbələ", "Qarabağ" və "Keşlə"yə qarşı keçirəcəyik. Hazırda ilk turu - “Qəbələ” ilə səfər matçımız barədə düşünürük. Rəqibin son yoxlama oyununu izləmişəm. Çətin oyun olacaq və qarşılaşmaya hazır olacağıq.

 

- Oyunda əsasən hücum planında komandada çatışmazlıq hiss olunur....
- Bilirsiniz ki, müdafiəçilərimiz komandaya yeni qoşulublar. Bu gün 4 müdafiəçi ilə oynadıq və daha çox yeni gələnləri düşündük. Deməzdim ki, hücum planında zəifik. Ara-sıra yaxşı hücumlarımız oldu. Ancaq düşünürəm ki, bunun sayı artacaq.


- Xüsusən mərkəz hücumçunuz Kevin Brandon “dişsiz” görünür. Bunun səbəbi nədi?
- O, komandaya iki həftədi qoşulub. Yeni oyunçularımız 1-2 həftədir bizimlədirlər. Bu dəqiqə onların hazırlığı pik səviyyədə deyil. Hər birinin potensialının açılacağına inanıram. Çünki onları izləmişik, düşünürəm ki, bizə fayda verəcəklər. Bunlardan da keyfiyyətli oyunçular gözləyirsinizsə, elə futbolçuları komandaya cəlb etməyimizə həm maliyyə, həm də digər baxımdan hazır deyilik. Məqsədimiz yüksəldikcə, daha səviyyəli futbolçularla güclənə bilərik.


- Komandanız çempionata neçə faiz hazırdı?
- Desəm ki, 70-80 faiz hazırıq, yalan olar. Oyunçular arasında qeyri-stabillik var. Biri bir həftədir, biri iki gündür komandaya qoşulub. Ağabala Ramazanov Türkiyə toplanışı zamanı zədə aldı və 1 həftəyə yaxın məşqsiz qaldı. Yəni, komandada belə balanssızlıq var. Bu da əlbəttə ki, oyundan-oyuna düzələcək.


- Ruslan Qurbanovun oynamamasına səbəb nə idi?
- Ruslan yüngül ağrı hiss etdi və qorumağı düşündük. “Qəbələ” ilə birinci turun oyununa hazır olacaq. Bilrisiniz ki, Ruslan bütün yoldaşlıq görüşlərində meydanda olmuşdu. Qeyd etdiyim kimi, bəzi futbolçularımız toplanış zamanı yükləniblər. Ona görə bəzi futbolçularda bir qədər yorğunluq hiss olunur.

 

- Yeri gəlmişkən, Ruslanın meydandakı mövqeyi çox müzakirə olunur. Siz onu hansı mövqedə görürsünüz? Mərkəz hücumçusu, yoxsa cinah?
- Qurbanovu yoxlama oyunlarına mərkəz hücumçusu kimi oynatmışıq. Düzdü, həmin vaxt komandaya yeni oyunçular cəlb olunmamışdı. Çempionat ərzində Ruslandan mərkəz hücumçusu və cinah hücumçusu kimi yararlana bilərik. Oyunların necə alınacağından, rəqiblərin kimliyindən çox şey asılı olacaq.

 

- Əsas kapitan Eltun Yaqublu olmadığı müddətdə komandanın kapitanı Rahid Əmirquliyev olacaq?
- Kapitanımız Eltundu. O, qayıdana qədər bu işi Rahid Əmirquliyev yerinə yetirəcək. Digər vitse-kapitanımız isə Şəhriyar Rəhimovdu.


- Baxışda olan meksikalı Edqar Paçeço ilə bağlı yekun qərar vermisiniz?
- Meksikalı futbolçu son olaraq Kiprin “Ermis” klubunda forma geyinib. Əlbəttə, hazırda pik formasında deyil. Onda bizi cəlb edən şeylər gördük və baxışa gəlməyə razılıq verdiyi üçün düşərgəyə dəvət etdik. Danışıqlardan çox şey asılı olacaq. Müəyyən büdcəmiz var, alınsa, razılığa gələ bilərik. Amma həmin mövqeyə daha iki futbolçu ilə danışıq aparırıq. Hansını seçəcəyimizlə bağlı dəqiq qərar verməmişəm.

 

- Meksikalı futbolçu təxminən 3 həftə öncə “Doha” klubu ilə müqavilə imzalayıb, sonra isə ayrılıq qərarı verib. Bunun səbəbini ondan soruşmusunuz?
- Mən də bu barədə mətbuatdan məlumat almışam. Sadəcə, baxışa gəlməyə razı olduğu üçün komandaya dəvət etdik. Yaxın günlərdə bir qərar verəcəyik.  

Müəllif: Orxan NOVRUZOV