"Əsas odur ki, növbəti oyunlarda xal itirməyək": Maksim Medvedev

ESTAFET/ "Bu matçı xeyli vaxtdı gözləyirdik. Rəqibi çox yaxşı analiz etmişdik". Bu sözləri Azərbaycan millisinin futbolçusu Maksim Medvedev UEFA Millətlər Liqasında Kosovo ilə qolsuz başa çatan matçdan sonra jurnalistlərə açıqlamasında deyib.

 

28 yaşlı müdafiəçi rəqibə qarşı yaxşı mübarizə apardıqlarını söyləyib: "Kosovo gənc komandadı. Futbolçuları yüksək səviyyəlidi və Avropada yaxşı klublarda çıxış edirlər. İnanıram ki, 2-3 ildən sonra bizimlə yox, daha reytinqli komandaların qrupunda mübarizə aparacaq. Bu gün onlarla başabaş mübarizə apardıq".

 

Medvedev hər iki komandanın bir-birindən çəkindiyini etiraf edib: "İlk oyun idi və bir-birimizdən çəkinirdik. Səhv etmək istəmirdik. Çünki bu, olanda qol vurulur. Onlar üçün də heç-heçə yaxşıdı. Yəqin ki, onlar üçün də əsas rəqib biz idik".

 

Maksim yaxşı komanda saydığı Kosovoyla heç-heçənin də pis nəticə olmadığını deyib: "Onlarla vuruşduq və mənə elə gəlir ki, bu, bizdə pis alınmadı. 3 gün sonra çətin Malta səfərində olacağıq. Əlimizdən gələni edəcəyik ki, həmin matçda istədiyimiz nəticəni qazanaq. Əsas odur ki, növbəti oyunlarda xal itirməyək".

 

"Qarabağ"ın və millimizin vitse-kapitanı Maltadan qələbəylə qayıtmayağa çalışacaqlarını söyləyib: "Az sonra Malta Farer adaları ilə qarşılaşacaq. Oyuna baxıb, analiz edəcəyik. Səfərdə ağır oyun keçəcək, hava isti olacaq. Çalışacağıq ki, Maltadan maksimum nəticə ilə qayıdaq".  

Müəllif: Natiq NƏSİROV