"Final mərhələsinə çıxmaq istəyiriksə...": Kamran Ağayev

ESTAFET/ "Startda evdə 2 xal itirdik. Nəticə üçün bütün oyunlarda qələbə qazanmaq lazımdı. Evdə azarkeşlərin, xalqın önündə oynamaq daha rahatdı". Bunu Azərbaycan millisinin kapitanı Kamran Ağayev Bakıda Kosovo yığması ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının ilk tur matçıyla bağlı bildirib.

 

Kosovoluların asan rəqib olmadığını söyləyən təcrübəli qapıçı qələbə şansını əldən verdiklərini deyib: "Final mərhələsinə çıxmaq istəyiriksə, bütün görüşləri udmalıyıq. İlk oyunda gərginlik var idi. İlk rəsmi qarşılaşmalar həmişə ağır keçir. Dildə Kosovo rahat səslənə bilər, amma onu təhlil edəndə baxırsan ki, usta futbolçuları var. Böyük klublarda çıxış edirlər, öz sözünü demiş oyunçular var. Amma futbol komanda oyunudu və hamı 11 nəfərlə oynayır. Yaxşı hazırlaşmışdıq, göstərişlər verilmişdi. Bizi sıxacaqlarını bilirdik. Baş məşqçi necə demişdi, elə də oynadıq".

 

Kamran rəqibin elə də təhlükəli epizodu olmadığını vurğulayıb: "Rahat oynadıq. Bir-iki hava topu var idi ki, bu zaman çətinlik yaşamadıq. Hücum edirdik, amma sonluğu yaxşı gətirə bilmirdik. Yaxşı fikirləşirdik və həyata da keçirirdik. Amma sonluq yaxşı alınmırdı. Ona görə də qol epizodları olmadı. Çətin sınaq olacağını bilirdik. Asan rəqib yoxdu. Kosovo millisi yaxşı qapanmışdı, ağıllı oynadılar. Öz güclərini göstərdilər. Oyunu analiz edəcəyik. Baş məşqçi bizə öz göstərişlərini verəcək".

 

Ağayev son olaraq azarkeşlərə toxunub: "Heç vaxt azarkeşləri qınamaq olmaz. Yaşam tərzi və digər məsələri demək olar. Milləti qınamıram. Gələnə də, gəlməyənə də təşəkkür edirik. Təbii ki, azarkeş qarşısında oynamaq tam fərqli ab-havadı". 

Müəllif: Bəhruz MƏMMƏDOV