Yeniyetmə boksçularımızdan inamlı qələbələr

ESTAFET/ Xəbər verdiyimiz kimi Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa çempionatı davam edir. Bu gün yarışların ikinci günündə boksçularımız da rinqə çıxıblar. Günün birinci (günorta) sessiyasında rinqə çıxan 4 boksçumuzdan 3-ü qalib gəlib.
Dünən 48 kq çəki dərəcəsində ilk görüşündə Ermənistan boksçusu Hayk Arabekyanı məğlub edən Əli Zamanov, bu gün Rusiyanı təmsil edən başqa bir erməni - Eduard Voskanyanla qarşılaşırdı. Görüşü üstün başa vuran boksçumuz adını növbəti mərhələyə yazdırıb.
57 kq çəki dərəcəsində mübarizə aparan Turqay Mirzəyev ilk döyüşündə Serbiya boksçusu Branko Zeremski ilə qarşılaşırdı. Döyüşə çox fəal başlayan Turqay bunun məntiqi sonluğu kimi elə ilk raunddaca rəqibini nokauta salıb.
63 kq çəki dərəcəsindəki boksçumuz Elmir Novruzov da adını növbəti mərhələyə yazdıran boksçularımızdandır. O şotland rəqibi Cey Delaneyi tam üstünlüklə - 5:0 hesabı ilə məğlub edib.
Təəssüf ki, 54 kq çəkidə döyüşən boksçumuz Əzrək Bəbirov mübarizəni dayandırmalı olub. Onun çex rəqibi Dominik Stepaneklə döyüşünün yekununda hakimlər qələbəni rəqibə veriblər.
İkinci (axşam) sessiyasında ilk olaraq rinqə Eldar Babayev (60 kq) çıxıb. O Belarus təmsilçisi Yan Krukovski ilə görüşdə yüksək texnikalı boks nümayiş etdirərək, rinqi qalib tərk edib.
Qitə çempionatında ikinci yarış gününün sonuncu döyüşü təmsilçimizin iştirakı ilə baş tutub. 70 kq çəki dərəcəsində mübarizə aparan Mehman Quliyev monteneqrolu rəqibi Miloş Krasniçi ilə döyüşdən qalib ayrılaraq, komandamıza gün ərzində 5-ci qələbəni qazandırıb.
