"Gerye cəzalanıb, özü də bu qərarı düzgün qəbul edib": Qurban Qurbanov

ESTAFET/ “Futbolçuları təbrik edirəm. Uzun müddət idi qalib gəlmişdik. Biz fərqli yanaşırıq. Hər kəs intizamlı oynamağa çalışdı. Bəzi səhvləri nəzərə almasaq, komanda yaxşı oynadı. “Sumqayıt” komandasında da hər şey qaydasındadır, çünki öz oyunlarını tapıblar. Yorğunluq olsa da, futbolçular yaxşı oynadı”. Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının X turunda “Sumqayıt”ı Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabıyla məğlub etdikləri matçdan sonra keçirdiyi mətbuat konfransında bildiri.

 

Təcrübəli mütəxəssis ardından jurnalistlərin suallarını cavablandırıb:

 

– Kintananın durumu necədi?

– Ola bilər, Poltavadaki oyunda meydana daxil olsun. Ancaq start heyətdə olmayacaq. Ümumiyyətlə, fiziki hazırlığa baxacağıq. Hər oyunçu həmin oyunda oynamaya bilər.

 

– Düşünmədiniz ki, avrokubok oyunlarını da Tofiq Bəhramov adına Respublika stadionunda oynasaydınız, daha yaxşı olardı?

– Bu stadion bizə doğmadı. Futbolçular özlərini rahat hiss edirlər. Açığı bu barədə düşünməmişəm. Burada oynamaq alınmadı, Ümid edirəm, növbəti mövsüm alınar. Ancaq məndə belə düşüncə olmayıb.

 

– Bu gün Poltavadaki oyuna nəzərən hər hansı addımlar atdınızmı?

– Daha çox bu oyunu düşünürdüm

 

– Geryenin bazaya gec gəldiyi üçün cəzalandırıldığı deyilir.

– Klubdaxili olan hadisədi. Bəli, Gerye cəzalanıb, özü də bu qərarı düzgün qəbul edib. Buna görə də, problem olduğunu düşünmürəm

 

- “Neftçi” ilə oyundan sonra demişdiniz ki, çempionluqdan yorulmağınızla bağlı söz-söhbət gəzir İctimaiyyətdə isə belə fikir formalaşıb ki, “Qarabağ” geri çəkilib, “Neftçi” çempion olacaq...

- Xeyr, belə bir şey yoxdu. Futbolda bir komandanın 20 il ardıcıl çempion olması kimi bir qanun yoxdu. Biz yorulmamışıq. Ssenarini kim yazıbsa, bunu bilmirik, nə siz, nə mən. Bizim neçə illərdi məqsədimiz yaxşı, intizamlı oyun göstərmək və istənilən halda özümüzü yaxşı aparmaqdı.

 

- Azarkeşlər Ukraynadakı görüşdən qisas gözləyir...

- Azarkeşlərə həmişə təşəkkür etmişəm. Bizim azarkeşlərimiz “Qarabağ”dan gözləməyib, kimdən gözləməlidi? Biz vicdanla işləməyə, azarkeşlərimizi sevindirməyə çalışırıq. Hardasa alınmır, çatışmayan cəhətlər olur. Amma həmişə yaxşı nəticə qazanmaq, Qarabağın adını, Azərbaycanımızın adını gözəl təmsil etməyə çalışır. Uduzanda hamıdan çox bizə pis təsir edir. İnşallah, yaxşı oyun və uğurlu nəticə üçün Ukraynaya gedəcəyik.

 

- Gərginlikdən danışdız. Amma bu gün meydanda daha rahat görünürdüz. Bəlkə bu stadion sizə düşür?

- Düşər-düşməz barədə heç vaxt düşünmürəm. Səbəb kimi həmişə nəyisə düzgün etmədiyimizi görürəm. Fərqli aura olması üçün burda oynadıq. Avrokuboklarda neçə illər bu stadionda oynamışıq. Azarkeş toplusu tam fərqlidi. Bu gün stadionda 15 min azarkeş olsaydı, hər şey tam fərqli görünərdi. Olimpiya Stadionu gözəl arenadı. “Çelsi”yə böyük hesabla uduzanda da azarkeşlər razı getmişdilər. 60 min adam həyəcanlanırdı, fərqli fikirlər söyləyirdi. Amma digər oyunda 15 min azarkeşdən o səs hiss olunmurdu. Bu sayda azarkeş “Tofiq Bəhramov” olsaydı, bəlkə fərqli alınardı. Məğlubiyyətlərimiz var, amma uğura inanmalıyıq. Belə turnirlərdə 2-3 qol epizodu olur, bundan istifadə etmək lazımdı. Azarkeşin, mətbuatın tələb etmək borcudu. Biz də bunu normal qəbul edirik. 

Müəllif: Estafet.az