"Heç-heçə ediləsi oyun idi": Elşad Əhmədov

ESTAFET/ "Sabah"ın baş məşqçisi Elşad Əhmədov futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının X turunda "Qəbələ"yə səfərdə 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib. 48 yaşlı mütəxəssis əvvəlcə matçı dəyərləndirib.

 

- Maraqlı oyun keçdi. Xüsusilə ikinci hissə. Heyətdə bəzi dəyişikliklər etmişdik. Yorğun olan futbolçulara istirahət vermişdik. Oyuna zəif başladıq. İkinci hissədə yaxşı oynadıq. "Qəbələ"ni təbrik edirəm. Ancaq heç-heçə ediləsi oyun idi.

 

- Çempionatın da bombardiri olan Marko Deviçin yoxluğunda hücum xəttiniz "dişsiz" görünür. Bu gün Tural Qürbətova sonradan şans verdiniz, onu da əvəzlədiniz...

- Bəli. Markonun olmamağı ziyanımızadı.Turala şans verməklə hücumu sürətləndirdik. Sonra Elşən Abdullayevin sürətinə güvənərək onu meydana buraxdıq.

 

- Komanda ilk hissəni niyə zəif keçirdi?

- Həmişə ikinci hissəni zəif oynayırdıq. Bu dəfə ilk hissəni belə keçirdik. Vadim Abdullayevlə Tərzin Cahangirov özlərini yaxşı tərəfdən göstərmədilər.

 

- Hesab etmirsiniz ki, məğlubiyyətdə bəzi aparıcı futbolçuların olmamağı rol oynadı?

- Erik Ramos 90 dəqiqə oynayır, yorğunluq hiss olunur. Məqsəd İsayevdə bir az zədə vardı. Ona görə onu keçən turda əvəzləməli olmuşdum. İlk hissənin sonuna özümüzə gəldik. Belə heyətlə oynasaydıq, ən azı 2 qol buraxmazdıq.

 

- Deviç nə vaxt sıraya dönəcək?

- Hələ bilinmir, müalicəsi gedir. "Səbail"lə qarşıdakı oyunu buraxacağı dəqiqdi.  

 

Mənbə: Sport24

Müəllif: Estafet.az