Gənc voleybolçularımız EEVZA çempionatında yarışacaq
ESTAFET/ Noyabrın 22-25-də Ukraynanın Zaparojye şəhərində 2002-2003 təvəllüdlü qızlar arasında EEVZA çempionatı keçiriləcək. Bununla əlaqədar olaraq, komandamızın baş məşqçisi Adnan Kistak fikirlərini bölüşüb:
“Komandamız son məşqlərini keçirir. Qızlarımız ilk görüşə 22 noyabr tarixində çıxacaq. Bu, onların beynəlxalq yarışda ilk iştirakı olacaq. Artıq 3 aydır ki, komandamız bu yarışa hazırlaşır. Əsas məqsədimiz yayda, Bakıda keçiriləcək U-19 komandalarının Festivalında qızlarımızın daha yaxşı formada olmasıdır. Ona görə də bu yarışda qızların daha inamlı oynamalarına kömək etməliyik ki, gənclərimiz təcrübə toplasınlar. Bildiyimiz ki, oyunçu keçirdiyi oyunlarla təcrübəsini artırır,məşqlər zamanı isə oyunçu öz səhvlərini düzəldir. EEVZA çempionatında rəqiblərimiz Ukrayna, Belarus, Polşa, Estoniya milliləridir. Mən də bir baş məşqçi kimi komandamızın yaxşı oyun nümayiş etdirməsi üçün əlimdən gələni edəcəm".