Azərbaycan çempionatı başa çatıb
ESTAFET/ 23-25 noyabr tarixlərində Bakı İdman Sarayında karate üzrə Yeniyetmə və Gənclərin 19-cu, Böyüklər arasında isə 26-cı Azərbaycan çempionatı keçirilib.
Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası (AKFA) və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkil etdiyi respublika çempionatının təntənəli açılış mərasimində əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMKF prezidenti Yaşar Bəşirov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan 200-dək ölkə arasında ilk yerlərdə qərarlaşmasından və “Tokio 2020” Yay Olimpiya Oyunlarına daha çox lisenziya qazanmaq hədəfimindən danışıb. Milli komandamızın lisenziya xarakterli turnirlərə ciddi hazırlaşacağını deyən federasiya rəsmisi çempionatı açıq elan edib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə çempionatın görüşlərini idarə etmək üçün Türkiyə, Gürcüstan, Qazaxıstan və İrandan dəvət olunmuş hakimlərə xatirə hədiyyələri verilib. Açılış mərasiminə karateçilərin nümunəvi çıxışları ilə yekun vurulub.
Çempionatda respublikanın müxtəlif bölgələrindən 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 21 yaşadək gənclər, həmçinin böyüklər arasında 34 klubdan 522 idmançı iştirak edib.
Böyüklər arasında Neda Rezai (kata), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), Zamira Rzayeva (-68 kq) və Fəridə Əliyeva (+68 kq), eləcə də Roman Heydərov (kata), Ülvi Qurbanov (-61 kq), Hümmət Baxşəliyev (-67 kq), Vüsal Kamallı (-75 kq), Ayxan Mamayev (-84 kq) və Murad Hacızadə (+84 kq) ölkə çempionu olub. Milli komandanın bir neçə lideri müxtəlif səbəblərdən yarışa qatılmayıb.