"Qızıl Yaş" adlı gimnastika şousu baş tutdu
ESTAFET/ Dünən, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kuboka yekun vurulub. 4 gün davam edən turnirdə 300-ə yaxın gimnast xalça üzərində öz bacarıqlarını nümayiş etdiriblər.
Yarışın son günü isə arenada təşkilatçılar əsl gimnastika bayramı yaşadıblar. “Qızıl Yaş” adlı şou öz möhtəşəmliyi ilə tamaşaçıların yaddaşında iz buraxa bildi.
Günün ən həyəcanla gözlənilən məqamı isə milli komandanın Baş məşqçisi Mariana Vasilevanın çıxışı oldu. Xalça üzərində öz kompozisiyasını ecazkar şəkildə icra edən Baş məşqçi öz enerjisi və çevikliyi ilə sanki illərə meydan oxudu. Tamaşaçılar isə bütün çıxışları öz alqışları ilə dəstəkləyərək, zalda böyük ruh yüksəkliyi yaratdılar.
Bir-birindən maraqlı kompozisiyalar icra edən və meydançada qüsursuz olmağa çalışan şounun iştirakçıları peşəkarlıqlarını və gimnastikaya olan sonsuz sevgilərini bir daha sübut etdilər. Yeni nəsil gimnastlara stimul vermək məqsədilə hazırlanan kompozisiyalara bu idman növünün bütün incəliklərini sığdırmağa çalışan məşqçilər bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəldilər.