Azərbaycan çempionatına start verildi
ESTAFET/ Bu gündən Voleybol üzrə qadınlar və kişilər arasında 2018-2019-cu illər Azərbaycan Çempionatına - “Super Liqa” yarışlarına start verilib. Dərnəgüldə yerləşən Voleybol Mərkəzində ilk olaraq kişi komandaları arasında görüşü baş tutub. "Neftçi" komandası gənclərdən ibarət U-19 komandasını qəbul edirdi. İlk hissədə Neftçi komandası 25:16 hesabı ilə rəqindən üstün olub. II hissədə Akif Vəliyevin yetirmələri seti qazanmağa yaxın olsalar da, yenə sevinən tərəfi "Neftçi" olub - 32:30. Görüşün III seti də nominal meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
"Neftçi" - U-19 3:0 (25:16, 32:30, 25:18)
Qadın komandaları arasında olan ilk oyun "Azərreyl" və "Lokomotiv" klubları arasında keçirildi. İlk hissə 25-17 hesabı ilə "Azərreyl"in üstünlüyü ilə yekunlaşdı. II hissədə "Lokomotiv" komandası setə daha fəal başlasa da, üstünlüyü sona kimi davam etdirə bilmədi. Beləliklə II və III hissələr də Azərreyl komandasının xeyirinə sona çatıb.
"Azərreyl" - "Lokomotiv" 3:0 (25:17, 25:19. 25:21)
Qeyd edək ki, qadınlar və kişilər arasında keçirilən Azərbaycan Çempionatı - “Super Liqa” yarışlarında növbəti turun oyunları yanvar ayında keçiriləcək.