"2018-ci il cüdo ailəsi üçün önəmli oldu": Sadıq Sadıqov
ESTAFET/ "2018-ci il cüdo ailəsi üçün çox önəmli oldu. Məhz bu il ilk dəfə Azərbaycanda cüdo üzrə dünya çempionatı keçirildi və bu yarışı çox yüksək səviyyədə təşkil etdik”.
Bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov qurumun 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransından sonra brifinqdə deyib. O, bildirib ki, bütün iştirakçı ölkələr Bakıda keçirilən dünya çempionatının ən yüksək səviyyəli yarışlardan biri olduğunu vurğulayıblar: "Düzdür, qələbələrimizlə yanaşı, bəzi idmançılarımız gözləmədiyimiz halda, məğlub oldular. Buna baxmayaraq, nəticəni qənaətbəxş hesab etmək olar. Bir gümüş və bir bürünc medal qazandıq".
S.Sadıqov ACF-nin 2019-2020-ci illəri olimpiya illəri elan etdiyini də diqqətə çatdırıb: "Qarşıdan 2020-ci il Tokio Yay Olimpiya Oyunları gəlir. Orada nəzərdə tutduğumuz sayda heyətlə iştirak etmək üçün yaxşı hazırlıq keçməyə çalışacağıq. 2019 və 2020-ci illər cüdo üçün ağır illərdir. Olimpiadada iştirak etmək üçün idmançılar dünya reytinqində ilk "25-liy”ə düşməlidirlər. Bundan ötrü dünya və Avropa çempionatlarında, Qran Pri və "Böyük Dəbilqə” kimi yarışlarda xal qazanmaq lazımdır. Ona görə də ACF növbəti iki ili olimpiya ili elan edib. Biz də lazımi sayda lisenziya qazanmağa çalışacağıq”.
S.Sadıqov deyib ki, ACF Azərbaycan cüdoçularının 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında 10 çəki dərəcəsində təmsil olunmalarına çalışacaq: "Cüdo bütün dünyada ən popluyar idman növlərindən biridir. İştirakçı ölkələrin sayını da nəzərə alsaq, lisenziya qazanmaq doğrudan da çox çətin olacaq. Çalışacağıq ki, idmançılarımız 10 çəki dərəcəsində təmsil olunsunlar. Bunlardan 7-si kişilər, 3-ü qadınlara aiddir. Azərbaycandan bəzi olimpiadalarda qadın cüdoçu iştirak etməyib. Bu dəfə zərif cins nümayəndələrinin 3 çəkidə təmsil olunmasına səy göstərəcəyik. Həmçinin qarışıq komanda yarışında yer alacağıq. Artıq Tokio olimpiadasına hazırlıq işlərinə tam start verilib”.
Qeyd edək ki,bu gün ACF-in 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib.