"Coaching Education Level 1" kursları başa çatıb

ESTAFET/ Milli Olimpiya Komitəsinin inzibati binasında badminton üzrə “Coaching Education Level 1” məşqçilik kurslarına qatılan məşqçilərə Milli Olimpiya Komitəsinin iştirakçı sertifikatları təqdim olunub.

Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin müdiri Mehman Kərimov, qurumun idman şöbəsinin rəhbəri Həsənağa Rzayev və Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayev "level 1" məşqçi kurslarının ölkəmizdə keçirilməsinin məşqçilərimizin badminton biliklərinin təkmilləşdirilməsinin və gələcək üçün badmintonçularımızın hazırlanmasında böyük rol oynadığını bildirib. Bu cür kursların böyük əhəmiyyətə malik olduğunu bildirən kursun moderatoru, Beynəlxalq Badminton Federasiyasının eksperti Murtuza Validarvi təlimlərə 11 kişi məşqçi ilə yanaşı 7 xanım iştirakçının qatılmasınıın müsbət məqam olduğunu qeyd edib. Sonda Milli Olimpiya Komitəsi və Azərbaycan Badminton Federasiyası rəsmiləri iştirakçılarla birgə xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun və Beynəlxalq Badminton Federasiyasının dəstəyi, Milli Olimpiya Komitəsinin , Azərbaycan Badminton Federasiyasının təşkilatçılığı ilə keçirilən Level 1 məşqçi kurslarında Bakı ilə yanaşı Gəncə, Lənkəran və Qubanı təmsil edən məşqçilər iştirak edib. İştirakçılar 24-28 dekabr tarixlərində keçirilən kurs müddətində nəzəri və texniki biliklərə yiyələniblər. Kursları uğurla başa vuran məşqçilərə isə Beynəlxalq Badminton Federasiyasının Level 1 məşqçi sertifikatları təqdim olunacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV