"Ferrari" yeni dəyişikliklər astanasında
ESTAFET/ "Ferrari"də kadr dəyişiklikləri Mauritsio Arrivabenenin komanda rəhbəri vəzifəsindən çıxarılması və yerinə Mattia Binottonun təyin edilməsi ilə başa çatmayacaq. İtaliyanın məşhur nəşrlərindən olan "Corriere dello Sport" 2008-ci ildən 2014-cü ilə qədər komandaya rəhbərlik etmiş Stefano Domenikalinin yenidən Maranelloya qayıda biləcəyini iddia edir.
Stefano hazırda "Lamborghini" şirkətinin rəhbəri vəzifəsini uğurla yerinə yetirir – keçən il satışların 51% artdığı buna bariz sübutdur. "Fiat" konserni isə onun "Ferrari"nin icraçı direktoru kimi Luis Kamilyerini əvəzləyə biləcəyini düşünr.
Hazırda Binotto iki vəzifəni daşıyır. O, həm komandanın rəhbəri, həm də texniki direktorudur. Stefano böyük idarəetmə təcrübəsi, eyni zamanda, "Liberty Media" və FIA ilə əlaqələri nəzərə alındıqda, şirkətin bütün əməliyyatlarını idarə etmək üçün ideal fiqurdur.
"Corriere dello Sport" yazır ki, Stefano Maranelloya qayıtdıqdan sonra əsas vəzifələrindən biri Formula1 rəhbərliyi ilə Razılıq müqaviləsinin müzakirələrində iştirak etmək olacaq. Çünki komandalar və çempionatın idarəçiləri arasındakı mövcud razılıqlar 2020-ci ildə başa çatacaq. Məhz buna görə də, "Exor" holdinqin və "Fiat Chrysler" konserninin rəhbəri, "Ferrari"nin prezidenti Con Elkann onun Maranelloya qayıtması üçün çalışacaq. Lakin bunu etmək çox çətin olacaq.