Yeniyetmə və gənc karateçilərimiz Avropa çempionatında

ESTAFET/ Yeniyetmə və gənclərdən ibarət milli komandamız Danimarkanın Aalborq şəhərində növbəti Avropa çempionatına yollanır.
8-10 fevral tarixlərində mötəbər yarış, 14-15 yaşlı yeniyetmələr və 16-18 yaşlı gənclər arasında 46-cı, 21 yaşadək gənclərdə isə 11-ci qitə çempionatı olacaq. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi böyük heyətə müxtəlif yaş qruplarında 19 idmançı, 3 məşqçi və 5 hakim daxildir.
Kumite üzrə Yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, böyük məşqçi Şahin Xudaverdiyev və kata üzrə baş məşqçi Vahid Ayvazov 14-15 yaşlı yeniyetmələrdə Ramil Baxşəliyevin (52 kq), Çinarə Xəlilovanın (54 kq), Hüseyn Məmmədlinin (57 kq), Tale Yaqubovun (63 kq), Fidan Dadaşovanın (47 kq), İsmayıl Məhəbbətlinin (70 kq) və Emin Namazovun (kata) yarışa qatılmasına üstünlük verib.
16-18 yaşlı gənclərdə Əminağa Quliyevin (61 kq), Tural Yaqubovun (68 kq), Mədinə Sadıxovanın (48 kq), Ayla Rzazadənin (59 kq) və Ceyhun İsmayılovun (kata) üzərində seçim edilib.
21 yaşadək gənclərdən isə Müseyib Məmmədov (60 kq), Hümmət Baxşəliyev (67 kq), Emil Güləhmədov (84 kq), Murad Hacızadə (+84 kq), Fidan Teymurova (50 kq), İnci Əzizova (55 kq) və Roman Heydərov (kata) tatamiyə çıxacaq.
Beynəlxalq hakim Cahangir Babayevdən əlavə, milli dərəcəli hakimlər Mir-Cabbar Seyidov, Seymur Məmmədov, Akif Quliyev və Mehman Mədətov beynəlxalq hakimlik dərəcəsi almaq üçün, yarışqabağı Avropa Karate Federasiyasının (EKF) Hakimlər Komitəsinin imtahanlarında iştirak edəcəklər.
Avropa çempionatında 51 ölkədən 1092 idmançı mübarizə aparacaq.

