EKF prezidenti Azərbaycan karateçiləri barədə xoş sözlər söyləyib

ESTAFET/ Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Avropa Karate Federasiyasının (EKF) İdarə heyətinin növbəti yığıncağında iştirak edib.

EKF prezidenti Antonio Espinosun sədrliy ilə yığıncaqda bir sıra məsələlər müzakirə olunub, yeniliklər və qarşıdakı planlarla bağlı söhbət aparılıb. İclasda həmçinin 2020-ci ildə Bakıda 55-ci Avropa çempionatına hazırlıq işlərindən söz düşüb. Azərbaycanın yüksək səviyyəli yarışlar təşkil etməsində böyük təcrübəsi olduğunu qeyd edən EKF-in İdarə heyətinin üzvü Y.Bəşirov, bir daha bu mötəbər qitə turnirinin tələb olunan səviyyədə keçiriləcəyini bildirib.

Yığıncaqdan sonra da Yaşar Bəşirov və Antonio Espinos arasında görüşlər olub. EKF prezidenti hər zaman olduğu kimi Azərbaycan karatesi ilə bağlı xoş sözlər deyib, ölkə rəhbərliyinin idmana diqqəti və xüsusilə karateyə qayğısı ilə bağlı hələ Bakıda müşahidə etdiklərindən danışıb. Karatenin Olimpiadanın proqramına daxil edilməsində Bakıda keçirilən 1-ci Avropa Oyunlarının böyük rolu olduğunu qeyd edib.

O, Azərbaycan karateçilərinin Tokio 2020 Yay Olimpiya Oyunlarında da uğurlu çıxışına inandığını söyləyib. 

Müəllif: Bəhruz MƏMMƏDOV