10-cu Beynəlxalq "Baku Open" karate turniri keçiriləcək
ESTAFET/ 14-17 mart tarixlərində Bakıda, "Sərhədçi" Olimpiya İdman Kompleksində 10-cu "Baku Open" Beynəlxalq Karate Turniri keçiriləcək. Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş yarış, həmçinin 2020-ci il Bakıda böyüklərin 55-ci Avropa çempionatının təşkili üçün test xüsusiyyəti daşıyır.
Uşaqlar, Yeniyetmələr, Gənclər, Böyüklər və Veteranlar arasında yubiley turnirində 10-dan artıq ölkədən karateçilərin iştirakı gözlənilir. Turnirin yüksək səviyyədə təşkil edilməsi üçün Dünya Karate Federasiyasının (WKF) və Avropa Karate Federasiyasının (EKF) rəsmiləri və mütəxəssislər, eləcə də bir neçə ölkədən beynəlxalq hakimlər dəvət olunub.
Fərdi kata və kumite üzrə yarışın ilk günü böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparacaqlar. Ertəsi gün 16-17 yaşlı və 21 yaşadək gənclər tatamiyə çıxacaq. 16 martda 14-15 yaşlı yeniyetmələr, bazar günü isə 6-13 yaşadək uşaqlar döyüşəcəklər.
Yubiley turnirinin təntənəli açılış mərasimi 15 martda saat 17:00-da başlanacaq. Yarışdan bir gün əvvəl, 13 martda isə WKF-in Hakimlər komitəsinin üzvü və EKF-in Hakimlər komitəsinin sədri Alois Viesboek-in rəhbərliyi ilə beynəlxalq seminar keçiriləcək.