Yeniyetmə və Gənclər arasında seçim turniri keçirilib

ESTAFET/ Yeniyetmə və Gənclərdən ibarət milli komanda üzvləri arasında növbəti seçim turniri keçirilib. Avropa çempionatında uğurla çıxış edən idmançıların baş məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyev yarışın məqsədi və qarşıdakı planlarla bağlı məlumat verib.

“Bu il Avropa çempionatından gözəl nəticələrlə gəlmişik. 4 qızıl və 1 bürünc medalla 51 ölkə arasında 4-cü yeri tutmuşuq. Milli komandanın üzvləri həm yaşlarını, həm də çəkilərini dəyişdiyinə görə, ilin sonunda dünya çempionatında başqa yaş qrupları və çəkilərdə çıxış etməli olacaqlar. Dünya çempionatına hazırlıq məqsədilə milli komandanın tərkibini təyin etmək üçün seçim yarışı təşkil etməyə qərar verdik. Obyektivliyin təmin olunması məqsədilə ötən ay Avropa çempionatında mükafat qazanan idmançılar da digərləri kimi seçimə qatıldılar. Seçimlər lazım olan səviyyədə aparıldı.

Mayın əvvəli bizi Kiprdə yeniyetmə və gənclərin Liqa yarışı gözləyir. Bu turnir, oktyabrda Çilinin paytaxtı Santyaqoda dünya çempionatına ilk sınaq mərhələsi olacaq. Fevralda Avropa çempionatında fərqlənən idmançıların federasiya rəhbərliyi tərəfindən mükfatalandırılması, onlara əlavə stimul verib. Baş məşqçi kimi öz adımdan və milli komandanın heyəti adından diqqət və qayğıya görə federasiya rəhbərliyinə təşəkkürümüzü bildiririk. Çalışacayıq qarşıdakı rəsmi yarışlarda və ilin sonu dünya çempionatında da bizə olan etimadı lazımi səviyyədə doğruldaq”.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyev, həmçinin qadınların böyük məşqçisi Elnur Həsənov seçim turnirində idmançıların çıxışlarını izləyiblər. 

Müəllif: Orxan NOVRUZOV