Badmintonçumuz II Avropa Oyunlarına lisenziya qazanıb

ESTAFET/ Əziz badminton həvəskarları! Böyük sevinc hissi ilə bildiririk ki, badmintonçumuz Ezmi Qovimuramadhoni 21-30 iyun tarixlərində Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına lisenziya qazanıb. 2018-ci ilin fevralından Dünya Badminton Federasiyası və Avropa Badminton Konfederasiyasının bayrağı altında keçirilən müxtəlif seriyalı turnirlərdə ölkəmizin idman şərəfini qorumağa başlayan Ezmi Dünya Badminton Federasiyasının açıqladığı son reytinq siyahısına əsasən bu nailliyəti əldə edib. “Minsk 2019”da badminton üzrə yarışlar 24-30 iyun tarixlərini əhatə edəcək. Oyunlar Minskin 2016-cı ildən istifadəyə verilən “Falcon club” arenasında baş tutacaq. Kişilərin şəxsi kateqoriyasında ümumilikdə 32 badmitonçu II Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq. Məlumat üçün bildirək ki, əsası ölkəmizdə qoyulan, 2015-ci ildə Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında badminton idman növündə ölkəmizi kişilərin şəxsi yarışında Kənan Rzayev, qoşa yarışda isə Kənan Rzayev - Orxan Qələndərov tandemi təmsil edib. Xatırladaq ki, hazırda məşqçi kimi çalışan milli komandamızın sabiq üzvləri təşkilatçı ölkənin təmsilçiləri qismində iki kateqoriya üzrə yarışmaq hüququ qazanmışdı. 

Müəllif: Məsim MƏSİMZADƏ